Deputat: Tarix göstərir ki, bu cür təxribatlar əks effekt verir

11:48 20.02.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“ABŞ səfəri çərçivəsində Prezident İlham Əliyevin qaldığı otelə bir qrup şəxsin qanunsuz şəkildə daxil olmağa cəhd göstərməsi ilə bağlı insidentin qarşısı operativ qaydada alınıb. Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ABŞ hüquq-mühafizə orqanları vəziyyətə dərhal müdaxilə edərək təxribat xarakterli addımın genişlənməsinə imkan verməyiblər. Hadisə dövlət başçısının təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyalı və peşəkar fəaliyyətin bariz nümunəsi kimi qiymətləndirilir”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Azər Badamov səsləndirib.

Deputat qeyd edib ki, dövlət başçısı xarici səfərlərdə yalnız siyasi fiqur kimi deyil, millətin iradəsinin və dövlət suverenliyinin ali təmsilçisi kimi çıxış edir. O, ölkənin bayrağını, beynəlxalq hüquqla təsbit olunmuş mövqeyini və milli maraqlarını təmsil edir. Bu baxımdan, ona qarşı yönələn istənilən planlı və təxribat xarakterli hərəkət təkcə bir şəxsə deyil, bütövlükdə dövlətin nüfuzuna və xalqın ləyaqətinə qarşı atılmış addım kimi qiymətləndirilməlidir.

Azər Badamov bildirib ki, Azərbaycanın yürütdüyü müstəqil siyasət, regionda formalaşdırdığı yeni reallıqlar və beynəlxalq platformalarda artan təsir imkanları müəyyən dairələri narahat edir. Xüsusilə Münhen Təhlükəsizlik Konfransında, Vaşinqtonda və digər mühüm mərkəzlərdə ölkə rəhbərinin mövqeyinə göstərilən diqqət və hörmət Azərbaycanın geosiyasi çəkisinin artdığını nümayiş etdirir. Uzun illər torpaqları işğal altında olan, beynəlxalq tribunalarda haqq səsini çatdırmağa çalışan bir ölkə obrazına alışmış bəzi qüvvələr üçün qalib və suveren Azərbaycan reallığı qəbuledilməzdir.

Deputat vurğulayıb ki, bəzi dairələr bu cür insidentləri radikal müxalifət fəaliyyəti kimi təqdim etməyə çalışsalar da, siyasi mübarizə ilə təxribat arasında ciddi fərq var. Müxalifət fəaliyyəti hüquqi və siyasi müstəvidə aparılır. Xaricdə dövlət əleyhinə planlı aksiyalarda iştirak edən, təxribat ssenarilərinə qoşulan şəxslərin davranışı isə siyasi rəqabət çərçivəsindən kənardır və milli maraqlara zidd addım kimi qiymətləndirilməlidir.

A. Badamov qeyd edib ki, millətin iradəsinin simvolu olan dövlət başçısına qarşı atılan hər bir təxribat cəhdi əslində xalqın birliyini sarsıtmağa yönəlmiş təşəbbüsdür. Lakin tarix göstərir ki, bu cür hərəkətlər əks effekt verir — cəmiyyət daha da sıx birləşir və milli həmrəylik möhkəmlənir. Azərbaycanın dövlətçilik ənənəsi və milli birliyi bu kimi təxribatlarla sarsıla bilməz.